Azərbaycan Bəstəkarlar İttifaqı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Gəncədə XV Beynəlxalq İpək Yolu Festivalının təntənəli açılış mərasimi keçirilib.
Çıxışlarda XV Beynəlxalq İpək Yolu Festivalının müxtəlif xalqların mədəniyyətini və incəsənətini bir araya gətirən, beynəlxalq mədəni əməkdaşlığın inkişafına xidmət edən mühüm layihə olduğu vurğulanıb.
Daha sonra Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, Filarmoniyanın solistləri və rəqs kollektivi konsert proqramı ilə çıxış ediblər.
Festivalın beynəlxalq ruhunu əks etdirən konsert proqramında Qırğızıstanın Bişkek şəhərində fəaliyyət göstərən “Seytek” Milli Uşaq və Gənclər Mərkəzinin “Ak-Niyyət” Xalq Xoreoqrafiya Ansamblı maraqlı rəqs nömrəsi ilə tamaşaçıların rəğbətini qazanıblar.
Qeyd edək ki, XV Beynəlxalq İpək Yolu Festivalı növbəti günlərdə də müxtəlif ölkələrin incəsənət kollektivlərinin iştirakı ilə rəngarəng proqramlarla davam edəcək.